Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə maarifləndirici görüş keçirilib. Görüşdə tələbələrə orqan donorluğunun əhəmiyyəti, bu sahədə aparılan işlər və insan həyatında donorluğun rolu barədə geniş məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin İdarə Heyətinin sədr müavini Günay Abbasova bildirib ki, orqan donorluğu insanlıq borcudur və hər bir fərd bu məsələyə cəmiyyət qarşısında məsuliyyətlə yanaşmalıdır: “Donorluq — bir insanın həyatını xilas etməyin ən ali yollarından biridir. Biz istəyirik ki, gənclər bu məsələyə həm maarif, həm də mənəvi baxımdan düzgün yanaşsınlar.”
Daha sonra mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva çıxış edərək, “Nə üçün donor olmaq vacibdir?” mövzusunda danışıb. O, qeyd edib ki, hazırda ölkəmizdə minlərlə insan transplantasiya gözləyir və bu insanların həyatı birbaşa donorların sayından asılıdır:
“Bəzən bir donorun qərarı bir neçə insanın həyatını dəyişə bilər. Donorluq sadəcə tibbi proses deyil, həm də mərhəmətin, paylaşmağın və insan sevgisinin təcəssümüdür.”
Tədbir zamanı tələbələr mövzuya böyük maraq göstəriblər. Onlar orqan donorluğunun hüquqi tərəfləri, donorluğun təmənnasız əsaslarla həyata keçirilməsi, eləcə də beyin ölümü keçirən şəxslərin ailələrinə göstərilən mənəvi dəstək barədə suallar veriblər. Nümayəndələr hər bir suala ətraflı cavab verərək gəncləri bu sahədə daha məlumatlı olmağa çağırıblar.
Tədbirin yekununda isə orqan donorluğunun əhəmiyyətini və insan həyatında yaratdığı dəyişiklikləri əks etdirən qısa videoçarx nümayiş etdirilib. Video gənclər tərəfindən böyük maraq və emosional təsir ilə qarşılanıb.
Sonda tədbirdə iştirak edən tələbələrin bir qismi ölümdən sonra donor olmaq üçün Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilmiş razılıq ərizəsini imzalayaraq bu nəcib missiyaya könüllü şəkildə qoşulublar.